Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - VİDEO

22.07.2026 11:48

Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün cəmiyyətimiz Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı.

Sonrakı dövrdə ulu öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafını təmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi.

44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynadı. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib:

“Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm… Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”.

Dünyada və regionumuzda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir.

Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir.

Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

Paylaş: