Xəbər axtarın

Son axtarış nəticələri:

Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi qeyd edilib - FOTO

23.07.2026 16:44

Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi qeyd edilib - FOTO

Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Bu barədə Primeinfo.az-a Mətbuat Şurasından məlumat verilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Rauf Arifoğlu Azərbaycan cəmiyyətinin nəzərində ömrünü jurnalistikaya, ictimai-siyasi fəaliyyətə həsr etmiş həmkar, qayğıkeş rəhbər və bacarıqlı media idarəçisidir:

“Rauf Arifoğlu, eyni zamanda, jurnalistika naminə hər cür fədakarlığa qatlaşmağın, azad sözün imkanlarını cəmiyyətin inkişafı naminə səfərbər etməyin nümunəsidir. Rauf Arifoğlunun ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində vüsət almış milli azadlıq hərəkatı və müstəqillik yolunda oynadığı rolu xarakterizə edən cəhətlərdən biri də mücadiləyə informasiya dəstəyini qazandırması olub. Bu mənada “Yeni Müsavat” yubilyarın şah əsəri, Azərbaycanın ictimai həyatına verdiyi töhfədir.

“Yeni Müsavat” müasir Azərbaycanda azad sözün ilk qaranquşlarından olmaqla yanaşı, ümumən, ölkənin o dövrkü həyatının fikir katalizatoruna çevrilməyi bacardı. Belə bir yüksək status nəşrin inkişaf yolunu, taleyini müəyyənləşdirdi. O yol ki, Rauf Arifoğlunun 60 illik yubileyinin mükafatıdır. O yol ki, hazırda “Yeni Müsavat”ı ölkənin ən populyar media orqanına çevirib və bu media orqanı müasir dövrün tələb və çağırışlarına adekvat fəaliyyət göstərməklə, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da populyardır”.

Toplantıda çıxış edənlər Rauf Arifoğlunun çağdaş mətbuatımızın yaranmasında böyük xidmətləri ilə seçildiyini deyiblər.

Çıxışçılar Rauf Arifoğlunun Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifini Azərbaycan dövlətinin həm də mediaya həssas münasibətinin nəticəsi olaraq qiymətləndirib, ən xoş arzu və diləklərini ifadə edib, təbriklərini çatdırıblar.

Sonda çıxış edən Rauf Arifoğlu toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, toplantıda Milli Məclisin əməkdaşı Əkbər Qoşalı qurumun Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu səsləndirib.

Paylaş: