
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr müavini təyin edilib, sədr təyin olunanadək sədrin səlahiyyətləri ona həvalə olunub. Vüsal Muradovu təbrik edir, ona yeni işində uğurlar, səbr, dözüm və iradə arzulayıram”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Tural Səfər sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, Vüsal Muradovu bu vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov təyin edib:
“Xatırladaq ki, Bəxtiyar Məmmədov Ali Məclis sədrinin səlahiyyətlərini icra edir. Bəs Ali Məclis sədrinin bu vəzifəyə təyinat etmək səlahiyyəti varmı? Naxçıvan Muxtar Respublikası konstitusiyasına edilən dəyişiklikdən sonra 5-ci maddə – Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi maddəsi çıxarılıb. Bu dəyişikliyə qədər ali vəzifəli şəxs Ali Məclisin sədri idi. Konstitisiyanın 5-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərin çoxu muxtar respublikanın baş nazirinə ötürülüb. Yeni konstitusiya qanununda Ali Məclis sədrinin səlahiyyətləri müəyyənləşdirilib.
Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri:
I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri:
1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;
1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;
2-1) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
2-2) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;
4-1) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
4-2) Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
4-3) Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sərəncam qəbul edir;
7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;
8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;
9) Bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.
İndi biz soruşuruq. Bu konstitusiyanın harasında yazılıb ki, Ali Məclisin sədri Naxçıvan teleradiosunun sədri, yaxud sədr müavinlərini vəzifəyə təyin və vəzifədən azad edə bilər? Naxçıvan konstitusiyasında edilən dəyişikliklərdən sonra Ali Məclis sədrinin belə bir səlahiyyəti yoxdur.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr və müavinlərini muxtar respublikanın baş naziri vəzifəyə təyin və vəzifədən azad etməlidir. Naxçıvanın konstitusiyası belə deyir. Əgər konstitusiyanı bir kənara qoyub hansısa nizamnamə, əsasnamə ilə qərarlar qəbul edir, sərəncamlar verirlərsə, bu, başqa məsələ. Belə də olmalı idi. İdarəçilikdə təcrübəsi olan, savadlı, bacarıqlı, qanunları bilən kadları bir kənara qoyub sinif, əsgərlik, dalan, küçə yoldaşlarını vəzifəyə gətirənlərdən bundan artıq nə gözləmək olar?”
