Xəbər axtarın

Son axtarış nəticələri:

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

20.07.2026 16:10

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

“Özəl bağçalarda təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, son 10 il ərzində uşaqların daha erkən yaşlardan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq və icma əsaslı qrupların yaradılması, eləcə də yeni maliyyələşmə mexanizmlərinin tətbiqini əhatə edir.

Vəfa Yaqublunun sözlərinə görə, ötən tədris ilində məktəblərin nəzdində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına 86 mindən çox 5 yaşlı uşaq, icma əsaslı qruplara isə 24 mindən bir qədər çox uşaq cəlb olunub. 2025-2026-cı tədris ilində isə 4 mindən çox uşaq valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyələşmədən faydalanıb.

Direktor müavini qeyd edib ki, iyul ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə valideyn-dövlət-özəl tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında qərar qəbul olunub, iyulun 17-də isə Nazirlər Kabineti modelin tətbiqi qaydalarını təsdiqləyib.

“Qaydalara əsasən, özəl müəssisənin təklif etdiyi təhsil xidmətinin 70 faizədək hissəsi dövlət tərəfindən ödəniləcək. Lakin Bakı şəhərində bu məbləğ 350 manatdan, regionlarda isə 250 manatdan artıq olmayacaq”, – deyə Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, yeni maliyyələşmə mexanizmi dövlət bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışının təmin olunmasına və özəl müəssisələrin inkişafına töhfə verəcək. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində yeni iş yerlərinin yaranacağı gözlənilir.

Vəfa Yaqublu əlavə edib ki, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri dövlət lisenziyasına malik olmalı, tələb olunan sənədləri təqdim etməli və öz potensiallarını təsdiqləməlidirlər. Qaliblərin siyahısı Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

O bildirib ki, bundan sonra valideynlər qalib gəlmiş özəl müəssisələr arasından seçim edərək Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə övladlarını qeydiyyatdan keçirəcək və müqavilə bağlayacaqlar.

Paylaş: