
“Türkiyə, NATO üçün son dərəcə vacib ölkədir”.
Primeinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “Anadolu” agentliyinə müsahibəsi zamanı deyib.
Mark Rutte rəsmi Ankaranın NATO daxilindəki çəkisini yüksək qiymətləndirib:
“Türkiyə NATO üçün son dərəcə mühüm və kritik bir ölkədir. Alyansın təsisçi üzvlərindən olmasa da, quruluşundan cəmi 3 il sonra bura qoşulub. Demək olar ki, lap əvvəldən bu ailənin bir parçasıdır. Bu gün Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir. Türk Silahlı Qüvvələri yüksək səviyyədə təchiz olunub və çox yaxşı təlim keçib”.
Baş katib Türkiyənin yerli hərbi sənayesinin qlobal arenada innovasiya mərkəzinə çevrildiyini vurğulayıb:
“Türkiyənin təxminən 3 min şirkətdən ibarət nəhəng müdafiə sənayesi infrastrukturuna malik olması böyük bir üstünlükdür. İri, orta və kiçikölçülü bu müəssisələr innovasiyalara xüsusi önəm verir, ən müasir texnologiyaları inkişaf etdirirlər. Onlar, məsələn, Ukrayna müharibəsində birbaşa döyüş meydanından əldə olunan təcrübələri dərhal öz istehsalatlarında əks etdirirlər. Bu çeviklik Türkiyə müdafiə sənayesini son dərəcə güclü edir.
Məhz bu səbəbdən biz NATO Müdafiə Sənayesi Forumunu iyulun 7-də Ankarada keçirmək barədə qəti qərar qəbul etdik. Məqsədimiz təkcə Türkiyənin deyil, bütövlükdə NATO-nun ümumi müdafiə sənayesi gücünü ortaya qoymaqdır. Belə bir mötəbər foruma Türkiyənin ev sahibliyi etməsi ən doğru seçimdir”.