
“Azərbaycanın müdafiə sənayesi imkanları və hərbi-texniki potensialı günü-gündən genişlənir”.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian 2026” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev deyib.
O bildirib ki, ADEX regionun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi olmaqla, hərbi-texniki əməkdaşlığın inkişafı üçün mühüm platformalardan biridir:
“Azərbaycanın müdafiə sənayesi imkanları günü-gündən genişlənir, hərbi-texniki potensialımız daha da möhkəmlənir. ADEX Azərbaycanın müdafiə sənayesinin əldə etdiyi nəticələri nümayiş etdirməklə yanaşı, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır”.
Samir Ağabalayev qeyd edib ki, bu il keçiriləcək ADEX sərgisi sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Onun sözlərinə görə, sərginin təşkilatçısı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, təşkilati dəstək göstərən şirkət isə “Caspian Event Organisers”dir.
Nazirlik rəsmisi bildirib ki, sərgiyə beynəlxalq maraq ildən-ilə artır:
“2014-cü ildən 2024-cü ilədək keçirilən sərgilərdə müvafiq illərdə 33, 34 və 38 ölkə iştirak etmişdisə, artıq 2026-cı ildə keçiriləcək sərgidə 46 xarici dövlət öz marağını ifadə edib və iştirakını təsdiqləyib”.
Samir Ağabalayev əlavə edib ki, builki sərgi çərçivəsində beynəlxalq əməkdaşlıq baxımından bir sıra yeniliklər də olacaq.













