
12 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil, humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə olunan əsas mövzular sırasında yer alıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.