
Sosial şəbəkələrdə tez-tez rast gəlinən bir problem var: kiməsə məxsus yazı, foto və ya video icazəsiz paylaşılır, müəllifin adı isə ya göstərilmir, ya da ümumiyyətlə qeyd olunmur. Bu isə təkcə etik məsələ deyil, eyni zamanda hüquq pozuntusudur.
Məhz bu kimi halların qarşısını almaq və cəmiyyətdə müəllif əməyinə hörmət mədəniyyətini gücləndirmək məqsədilə “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsinə start verilir. Layihənin əsas məqsədi, xüsusilə gənclər arasında əqli mülkiyyət anlayışı barədə məlumatlılığı artırmaq, müəllif hüquqlarının əhəmiyyətini izah etmək və rəqəmsal platformalarda etik davranış qaydalarını təşviq etməkdir.
Layihə çərçivəsində “Əqli mülkiyyətə hörmət et!” sloqanı ilə maarifləndirici məqalələr hazırlanaraq aparıcı elektron KİV-lərdə dərc olunacaq və sosial mediada geniş yayılacaq. Yazılarda müəllif hüquqları, süni intellekt dövründə etik məsələlər, kontent istifadəsi qaydaları və hüquqi məsuliyyət kimi aktual mövzulara toxunulacaq.
Eyni zamanda, “Rəqəmsal İz” adlı internet TV proqramı çərçivəsində ekspertlər, media nümayəndələri və yaradıcı şəxslərin iştirakı ilə müzakirələr təşkil olunacaq. PrimeTV-də yayımlanacaq verilişlərdə kontent oğurluğu, rəqəmsal mədəniyyət və media etikası kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, izləyicilərə real nümunələr və praktik tövsiyələr təqdim ediləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əqli mülkiyyətçilərə kömək” İB-nin icra etdiyi layihə çərçivəsində sosial media kampaniyası da həyata keçiriləcək. Hazırlanacaq qısa videoçarxlar vasitəsilə əqli mülkiyyətin qorunması, etik paylaşım və rəqəmsal məsuliyyət mövzularında maarifləndirici mesajlar geniş auditoriyaya çatdırılacaq.
Layihə çərçivəsində görüləcək işlər rəqəmsal mədəniyyətin formalaşmasına, müəllif hüquqlarının qorunmasına və cəmiyyətdə məsuliyyətli rəqəmsal davranışın təşviqinə töhfə verəcək.