
Biz Azərbaycanda həyata keçirilən şəhərsalma təcrübəsindən istifadə edərək Qırğızıstanda bir sıra işləri həyata keçirmişik. Bunlardan biri məişət tullantılarının yandırılması zavodudur. Təcrübəyə əsasən Bişkekdə qurulan bu zavod məişət tullantılarının aradan qaldırılması ilə yanaşı, enerji də istehsal edir ki, bu da əhalinin ekoloji təmiz enerji ilə təmin olunmasında böyük rol oynayır.
Primeinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Qırğızıstanın tikinti nazirinin müavini İmanakulu Talan deyib.
Onun sözlərinə görə, müasir şəhərlərin enerji təminatı vacib məsələdir və Azərbaycan bu məsələni həll edib və bizimlə təcrübəsini bölüşüb.
“Hazırda “İssık-kul” gölü ətrafındakı Çolpanata şəhəri yenidən qurulur. Burada hotellər və digər xidmət sahələrinin tikintisində yeni texnologiyalardan istifadə olunur. Yeri gəlmişkən qeyd edim ki, bu şəhərciyin tikintisinə Azərbaycanlı iş adamları sərmayə yatırıblar. Qırğızıstan hökumətinin qəbul etdiyi qərara əsasən, 2050-ci ilə kimi paytaxt Bişkek şəhərində avtomobil tıxaclarının aradan qaldırılması nəzərdə tutulub. Bu istiqamətdə “ağıllı işıqforlar”, “ağıllı parkinqlər” və istiqamətverici nişanlar quraşdırılacaq. Böyük şəhərlərin böyük də problemləri olur. Əhalinin mənzillə, ərzaq təhlükəsizliyi ilə təminatı, tıxaclar və digər amillər “xaotik” vəziyyət yaradır.
Bu gərginliklərin aradan qaldırılması üçün yeni texnologiyaların tətbiqi daha da səmərəli olur. Şəhər mühitində ekoloji tarazlığı qorumaq çətindir. Sənaye müəssisələri, avtomobillər havanı çirkləndirir. Buna görə də yeni şəhərlərin tikintisi zamanı insanların yaşıl enerjidən istifadəsini təmin etmək vacib məsələdir və bunlar nəzərə alınmalıdır”, – deyə nazir müavini vurğulayıb.
WUF13 keçirilməsini yüksək qiymətləndirən nazir müavini bildirib ki, forum yüksək səviyyədə hazırlanıb və burada müzakirə olunan məsələlər çox faydalıdır: “Əvvəla burada müxtəlif dövlətlərin və şirkətlərin tikinti üzrə mütəxəssisləri, dövlət və hökumət başçıları iştirak edirlər ki, onlarla təcrübə mübadiləsi aparılır və faydalı əmsallar mənimsənilir. Digər tərəfdən isə yeni ideyalar səsləndirilir ki, bunların da həyata keçirilməsi həm insanların, həm də dövlətin rahatlığını təmin edir. Yeni tip şəhərsalmada təcrübə mübadiləsi aparmaq üçün WUF13 çox yaxşı platformadır”.