
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür.
Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, 13 iyun-31 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfərlər hər şənbə və bazar günləri olmaqla təşkil ediləcək. Eyni zamanda, 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü bu marşrutla əlavə qatar reysləri icra olunacaq.
Qatar Bakıdan şənbə günü saat 08:30-da, Ağstafadan isə bazar günü saat 17:15-də yola düşəcək.
ADY-nin digər sərnişindaşıma marşrutu olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə 6 iyun tarixindən başlayaraq şənbə və bazar günlərində hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin tələbatını təmin etmək məqsədilə 26 iyunda Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reys təyin ediləcək. Bundan əlavə, 4 iyuldan etibarən bu marşrut üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək ki, bu da bölgə sakinlərinin və sərnişinlərin xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq.
Qatar Bakı-Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşür.
Daha bir yenilik 1 iyuldan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikində tətbiq ediləcək. Belə ki, Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
Bundan əlavə, 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon tərkibi artırılaraq 9-a çatdırılacaq və daha çox sərnişinin daşınması təmin ediləcək.
Xatırladaq ki, 6 iyundan başlayaraq rayonlararası istiqamətlər üzrə Dərnəgül stansiyasından da səfərlər təşkil olunur.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qatarlar qeyri-iş günü qrafikinə uyğun hərəkət edəcək.
Hərəkət cədvəlləri ilə “ADY Mobile” tətbiqindən tanış olmaq mümkündür.