
İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Xamneyinin əsərlərinin mühafizəsi və nəşri ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, son günlər yerli və xarici mediada keçmiş ali rəhbərin dəfn mərasiminin vaxtı ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, həmin məlumatlar rəsmi təsdiqini tapmayıb.
Açıqlamada bildirilib ki, Ayətullah Seyid Əli Xamneyi ilə vida və dəfn mərasimi Məhərrəm ayının ilk ongünlüyü başa çatdıqdan sonra keçiriləcək. Dəqiq tarix və mərasimlə bağlı digər təfərrüatların isə sonradan ictimaiyyətə açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, İran rəsmilərinin daha əvvəl yaydığı məlumata əsasən, Xamneyi vəsiyyətinə uyğun olaraq ölkənin ən mühüm dini mərkəzlərindən biri hesab olunan Məşhəd şəhərindəki İmam Rza türbəsində dəfn ediləcək.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamneyinin fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə həlak olduğu açıqlanmışdı. Bundan sonra onun yerinə oğlu Müctəba Xamneyi seçilib.