
Azərbaycan və Türkiyənin ortaq tarixi-mədəni irsinin öyrənilməsi istiqamətində həyata keçirilən elmi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycanda Türk mədəniyyətinin ən qədim izlərinin müəyyənləşdirilməsi” beynəlxalq elmi layihəsi çərçivəsində Türkiyənin müxtəlif bölgələrində genişmiqyaslı sahə tədqiqatları aparılıb.
İki il müddətinə nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycan və Türkiyə ərazilərində qədim Türk mədəniyyətinin izlərini müəyyənləşdirmək, maddi və qeyri-maddi mədəni irs nümunələrini sistemli şəkildə araşdırmaq və iki ölkənin ortaq tarixi-mədəni əlaqələrini elmi əsaslarla öyrənməkdir.
Layihənin təqdimat seminarı Türkiyənin Samsun şəhərində, Ondokuz Mayıs Universitetinin ev sahibliyi ilə keçirilib. Tədbirdə Azərbaycan və Türkiyədən olan alimlər layihənin elmi istiqamətlərini, metodoloji yanaşmalarını və qarşıdakı tədqiqat mərhələlərini müzakirə ediblər.
Layihənin Türkiyə tərəfdən rəhbəri, professor İbrahim Tellioğlu çıxışında Azərbaycan və Türkiyənin ortaq tarixi-mədəni irsinin müqayisəli tədqiqinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan tərəfdən layihəyə rəhbərlik edən AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova qədim Türk mədəniyyətinin izlərini daşıyan arxeoloji abidələrin, qayaüstü təsvirlərin, damğaların, kurqanların, balbalların və daş heykəllərin kompleks araşdırılmasının vacibliyini qeyd edib. O, xüsusilə maddi irs nümunələrinin sənədləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətinə diqqət çəkib.
Folklorşünaslıq qədim tarixin öyrənilməsində mühüm mənbədir
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova layihənin metodoloji xüsusiyyətlərindən danışarkən qədim Türk mədəniyyətinin izlərinin araşdırılmasının yalnız arxeoloji və maddi mədəniyyət nümunələrinin öyrənilməsi ilə məhdudlaşmadığını bildirib.
Onun sözlərinə görə, qədim abidələrin və arxeoloji materialların daha dolğun elmi şərhi üçün xalqın kollektiv yaddaşında qorunan folklor nümunələrinin, mifoloji təsəvvürlərin, inancların və ənənəvi dünyagörüşü elementlərinin də araşdırılması zəruridir.
Aynur İbrahimova vurğulayıb ki, əfsanələr, rəvayətlər, miflər, mərasimlər və xalq inancları maddi irs nümunələrinin semantik qatlarının müəyyənləşdirilməsi baxımından mühüm elmi mənbələrdir. Bu materialların arxeoloji və etnoqrafik məlumatlarla müqayisəli təhlili qədim mədəniyyətin daha geniş tarixi kontekstdə öyrənilməsinə imkan yaradır.
Bu baxımdan layihə çərçivəsində yalnız abidələrin deyil, həm də yerli əhalinin yaddaşında qorunan tarixi rəvayətlərin, mifoloji təsəvvürlərin, mərasim ənənələrinin və toponimik məlumatların toplanması xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin səkkiz bölgəsində sahə tədqiqatları aparılıb
Layihənin Türkiyə mərhələsi 26 avqust – 25 sentyabr 2026-cı il tarixlərini əhatə edib. Bir aylıq ekspedisiya Samsun, Ordu, Rize, Artvin, Kars, Ərzurum, Ərzincan və Ankara bölgələrində həyata keçirilib.
Tədqiqatlar zamanı qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, arxeoloji abidələr, kurqanlar, balballar, daş heykəllər, qədim simvollar və damğalar araşdırılaraq sənədləşdirilib. Müxtəlif muzeylərdə elmi araşdırmalar aparılıb, tarixi artefaktlar öyrənilib.
Ekspedisiya çərçivəsində Rize bölgəsinin Anzer yaylasında mövsümi rituallar və ənənəvi mərasimlərlə bağlı folklor materialları toplanıb. Karsda Camuşlu qayaüstü təsvirləri və Ani arxeoloji ərazisi araşdırılıb, yerli əhalinin yaddaşında qorunan köç xatirələri qeydə alınıb. Ərzincanın Eğin (Kemaliye) bölgəsində bayatı nümunələri toplanıb, Ankara–Güdül istiqamətində isə Salihlər qayaüstü yazıları tədqiq edilib.
Beləliklə, ekspedisiyanın əsas xüsusiyyətlərindən biri maddi mədəniyyət nümunələrinin öyrənilməsi ilə yanaşı, bölgələrin şifahi yaddaşını əks etdirən folklor materiallarının da sistemli şəkildə toplanması olub.
Elmi əməkdaşlıq mədəni diplomatiyanın mühüm vasitəsi kimi
Sahə tədqiqatları ilə paralel olaraq layihə iştirakçıları Türkiyənin bir sıra elmi və ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçiriblər. Türk Tarix Qurumunun sədri professor Haluk Selvi, Ordu Universitetinin rektoru professor Orhan Baş, Giresun Universitetinin rektoru professor Yılmaz Can, Yunus Əmrə İnstitutunun rəhbəri professor Selim Argun və Qafqaz Universitetinin rektor müavini professor Selçuk Ural ilə görüşlərdə ortaq tarixi-mədəni irsin araşdırılması, elmi təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Aslanov da layihə iştirakçılarını qəbul edib. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, səfirliyin müşavirləri Müjdat Həsənov və Füzuli Məcidli, eləcə də layihənin Azərbaycan və Türkiyə tərəflərini təmsil edən alimlər iştirak ediblər. Tədqiqatların nəticələri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədqiqatların növbəti mərhələsi Azərbaycanda keçiriləcək
Layihənin növbəti mərhələsində sahə tədqiqatlarının Azərbaycanın müxtəlif bölgələrində davam etdirilməsi nəzərdə tutulur. Bakı, Qobustan, Şamaxı, Şəki, Qəbələ, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Qarabağ və Naxçıvan istiqamətlərində arxeoloji, tarixi-etnoqrafik və folklor materiallarının toplanması planlaşdırılır.
Azərbaycan və Türkiyədə əldə ediləcək materialların müqayisəli təhlili iki coğrafiya arasında mövcud olan tarixi-mədəni əlaqələrin, ortaq xüsusiyyətlərin və regional fərqliliklərin elmi əsaslarla müəyyənləşdirilməsinə imkan verəcək.
Qeyd edək ki, layihənin Türkiyə tərəfdən rəhbəri professor İbrahim Tellioğlu, tədqiqat qrupu üzvləri professor Muhammet Bahadır, dosent Okay Pekşən və professor Yasin Topaloğludur. Azərbaycan tərəfindən layihəyə dosent İradə Məmmədova rəhbərlik edir. Tədqiqat qrupunda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova da təmsil olunur.
AMEA və TÜBİTAK-ın birgə təşəbbüsü ortaq tarixi yaddaşın elmi əsaslarla araşdırılması, mədəni irsin qorunması və beynəlxalq elmi müstəvidə tanıdılması ilə yanaşı, Azərbaycan və Türkiyə arasında elmi-mədəni diplomatiyanın inkişafına da mühüm töhfə verir. Maddi və qeyri-maddi mədəni irsi vahid tədqiqat müstəvisində birləşdirən layihə bütövlükdə Türk dünyasının ortaq mədəni dəyərlərinin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.



















