Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovla bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sərraf Orucov qazancının müəyyən faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.
Qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma kimi cinayət törədən və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin layihəyə əsasən, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.
İyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.