
2025-ci ildə Azərbaycanda 95117 abortun 3178 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb.
Primeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb.
Statistikaya görə, abort etdirənlərin 27498-i 30-34 yaş, 26329-u 25-29 yaş, 22811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub.
Qeyd olunub ki, 20-24 yaş qrupunda 15235, 18-19 yaş qrupunda 3178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb.
Hesabatda vurğulanıb ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub. Bu da son illərdə abortların sayında ciddi artım olduğunu göstərir.
Məlumata əsasən, 2025-ci ildə kontrasepsiya vasitələrindən istifadə edən qadınların sayı 31586 olub. Onların 9843-ü 25-29 yaş, 7922-si 30-34 yaş, 6782-si isə 35-49 yaş qrupunda olub.
Sənəddə həmçinin qeyd olunub ki, 2024-cü ildə doğulan 102310 körpənin 54221-i oğlan, 48089-u isə qız uşaqları olub. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq isə 6132 nəfər təşkil edib.
Qeyd olunub ki, doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.
Hesabatda bildirilib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132-dən 5953-ə düşüb.
Vurğulanıb ki, ötən il 26 ana doğuş zamanı həyatını itirib.