
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.
Primeinfo.az bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər.
E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat verilib. Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.


Screenshot