
Bakı dünyanın öz gələcəyi haqqında danışılan bir məkana çevrilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti İliyana Yotova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında bildirib.
“Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Bakını dünyanın öz gələcəyi haqqında danışdığı bir məkana çevirib”, – İliyana Yotova deyib.
Bolqarıstan Prezidenti qeyd edib ki, liderləri Bakıda bir araya gətirən “Dünyanın mənzillə təmin olunması” mövzusu əslində bütün digər məsələlərin əsasını təşkil edən bir mövzudur: “Bu mövzunun arxasında statistik göstəricilər deyil, insanlar dayanır. Bu gün dünyada təxminən 2,8 milyard insan ləyaqətinə uyğun standartlara cavab verən yaşayış yerinə malik deyil. 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və yalnız bu onilliyin sonunadək qlobal ehtiyacları qarşılamaq üçün dünyada hər saniyə bir yaşayış vahidi tikilməlidir.
Mənzilə çıxış sadəcə bazar məsələsi deyil, bu, ədalət məsələsidir. Ev sadəcə əmlak deyil, hər şeyin başlanğıcıdır. Onsuz sabit məşğulluq, uşaqlar üçün təhsil, səhiyyə sistemi və özünü cəmiyyətin bir hissəsi hesab edən vətəndaşlar mümkün deyil. Bir şəhər öz insanlarını sığınacaqla təmin etmək qabiliyyətini itirəndə, o yalnız binalarını deyil, öz mənasını da itirmiş olur”, – İliyana Yotova qeyd edib.