
Azərbaycanda keçirilən və bu gün bizi bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi beynəlxalq əhəmiyyətə malikdir. Hazırda Azərbaycanda müşahidə olunan yağışlı hava şəraiti bir daha nümayiş etdirir ki, urbanizasiya, yaşayış mühiti və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətləri ekoloji çağırışlar və ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır.
Primeinfo.az xəbər verir ki, bu sözləri Qvineyanın şəhərsalma, mənzil və ərazi planlaşdırılması naziri Mohamed Lamine Sy Savane deyib.
O bildirib ki, müasir dövrdə iqlim dəyişiklikləri və ekoloji problemlər qlobal miqyasda daha ciddi xarakter almaqdadır: “Bu baxımdan, mənzil məsələsi sözügedən sessiyanın əsas müzakirə mövzularından biri kimi çıxış edir. Görüş iştirakçı dövlətlər üçün yalnız şəhərsalma siyasətlərinin yenidən qiymətləndirilməsi baxımından deyil, eyni zamanda, vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə əlçatan və münasib qiymətli mənzil təminatı sahəsində vahid yanaşmaların formalaşdırılması baxımından mühüm platformadır. Afrikanın 2063-cü il İnkişaf Gündəliyi, eləcə də 2030-cu ilədək müəyyən olunmuş qlobal inkişaf məqsədləri bu müzakirələrin əsas prioritet istiqamətlərini təşkil edir. Başlıca məqsəd əhalinin daha geniş təbəqələrinin ekoloji standartlara cavab verən, təhlükəsiz, dayanıqlı və münasib qiymətli yaşayış sahələri ilə təmin olunmasına nail olmaqdır. Məhz bu kontekstdə dövlətimiz vətəndaşların mənzilə çıxış imkanlarının genişləndirilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi və torpaq münasibətlərinin hüquqi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə qətiyyətlə dəstək verir. Bu yanaşma xüsusilə Qvineyada torpaq mülkiyyəti və fondu sahəsində təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.