Xəbər axtarın

Son axtarış nəticələri:

Memarlıq və İnşaat Universitetinin həyətində YANĞIN - YENİLƏNİB

28.04.2026 17:39

Memarlıq və İnşaat Universitetinin həyətində YANĞIN - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Primeinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.

Universitetin binası yanğından mühafizə olunub.

***

15.27

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib.

“Bu gün, 28 aprel tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris korpusunun yaxınlığında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində təhlükəsizlik tədbirləri dərhal tətbiq olunub, 1 saylı tədris binasında olan bütün tələbələr, müəllimlər və əməkdaşlar operativ şəkildə təxliyə ediliblər.

Yanğın qısa müddət ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb, ərazi tam nəzarətə götürülüb.

Qeyd edirik ki, hadisə zamanı heç bir tələbə, müəllim və əməkdaş xəsarət almayıb”, – deyə o qeyd edib.

N.Abdullayevin sözlərinə görə, hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

***

15.20

Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.

Paylaş: