Xəbər axtarın

Son axtarış nəticələri:

Türküstanda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO

15.05.2026 17:35

Türküstanda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda qeyri-rəsmi iclasında çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a bildirilib ki, nazir çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklərin, davam edən münaqişələrin, hibrid təhdidlərin, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib.

Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Nazir çıxışında “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun aktuallığını qeyd edərək, süni intellekt texnologiyalarının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, səhiyyə və təhlükəsizlik sahələrində sürətli transformasiya yaratdığını bildirib. Eyni zamanda, kibertəhlükəsizlik, məlumatların qorunması, dezinformasiya və texnoloji bərabərsizlik kimi çağırışların diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın rəqəmsal transformasiya və innovasiyaəsaslı inkişaf siyasətinə xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Tədbirlər Planı” bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Nazir ölkəmizin “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Avropa ilə Asiya arasında rəqəmsal bağlantının gücləndirilməsinə verdiyi töhfəni xüsusi vurğulayıb. Bu kontekstdə Trans-Xəzər fiber-optik kabel layihəsinin strateji əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxış zamanı türk dövlətləri üçün rəqəmsal transformasiyanın uzunmüddətli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri olduğu qeyd edilib, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində birgə tədqiqat və innovasiya əməkdaşlığının inkişaf etdirilməsi, insan kapitalına və rəqəmsal bacarıqlara investisiyaların artırılmasının əhəmiyyəti vurğulanıb.

Nazir Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq üzrə hüquqi baza yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. Bununla yanaşı, Təşkilatın Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi yenidənqurma işləri barədə də məlumat verilib. Qeyd olunub ki, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın innovativ və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.

Sonda iclas çərçivəsində aparılacaq müzakirələrin türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Paylaş: