25 iyun – Beynəlxalq Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Primeinfo.az-a verilən xəbərə görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Bakı Beynəlxalq Dəniz Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib. Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Son günlər sosial şəbəkələrdə Bakı-Tiflis-Bakı marşrutu üzrə bilet satışı ilə bağlı iddialar səsləndirilir. Bu məsələ ilə əlaqədar ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov açıqlama verib. Primeinfo.az ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun mediaya açıqlamasını təqdim edir.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb. Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Primeinfo.az xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
“Azərbaycan Dəmir Yolları” QSC regionlara səfər edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hərəkət marşrutlarındakı mühüm dayanacaq barədə məlumat yayıb. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edən sərnişin qatarları Dərnəgül dayanacağından da keçir. Bildirilib ki, sözügedən istiqamətlər üzrə rayonlara getmək istəyən sərnişinlərin artıq Bakı Dəmiryol Vağzalına və ya digər uzaq stansiyalara gəlməsinə ehtiyac yoxdur.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib. ADY-dən Primeinfo.az-a bildirilib ki, görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub. ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.